Kiçik Gilanlar

Kiçik Gilanlar – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərli (Artaşat) yaşayış məntəqəsindən 28 km şimal-şərqdə, Yelincə çayının sahilində yerləşmişdir. 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun tabeliyində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Kiçik Gilan”, Qafqazın beşverstlik xəritəsində “Kiçik Gilyanar” formasında qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 96 nəfər, 1886-cı ildə 167 nəfər, 1897-ci ildə 178 nəfər, 1904-cü ildə 183 nəfər, 1914-cü ildə 201 nəfər, 1916-cı ildə 194 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni daşnak silahlı birləşmələri tərəfindən kənddən qovulmuş və bura xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Kənddə 1922-ci ildə 21 nəfər erməni ilə yanaşı 11 nəfər azərbaycanlı yaşamışdır. 1922-ci ildən sonra kənddə yaşayan 11 nəfər azərbaycanlı da qovulmuş və kənd tam erməniləşdirilmişdir. 1950-ci illərdə Kiçik Gilanlar kəndi ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim fərqləndirici əlamət bildirən “kiçik” sözü ilə gilanlar nəsil adı əsasında əmələ gəlmişdir.