Kiçik Camışlı

Kiçik Camışlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Abaran çayının sahilində yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamışlar. 1877–1878-ci illər rus-türk müharibəsindən sonra Türkiyədən köçürülüb gətirilən yezidi kürdləri kənddə məskunlaşdılmışdır. Bundan sonra azərbaycanlılar kəndi tədricən tərk etmişlər.

Toponim Azərbaycan toponimiyasında fərqləndirici əlamət bildirən “kiçik” sözü ilə zülqədərlərin camışlı tayfasının adı əsasında əmələ gəlmişdir.

Hazırda kənd “Camuşlu” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°41′ şm. e., 44°16′ ş. u.