Kiçik Ayrım (Bala Ayrım) – keçmiş Tiflis quberniyasının Borçalı qəzasında, sonralar keçmiş Allahverdi (Tumanyan) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 4 km cənub-qərbdə, Borçalı (Debet) çayının sol sahilində, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir.
Kənddə 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 154 nəfər, 1939-cu ildə 207 nəfər, 1959-cu ildə 233 nəfər, 1970-ci ildə 420 nəfər, 1979-cu ildə 388 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik vətənlərindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim Azərbaycan toponomiyasında fərqləndirici əlamət bildirən “kiçik” sözündən və ayrım türk tayfa adından əmələ gəlmişdir. Ayrımlar oğuz tayfalarından biri olan eymurların xələfləridir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 41°10′ şm. e., 44°49′ ş. u.