Keşişviran – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Vedi (Ararat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 53 km cənub-şərqdə, dərədə, Çanaxçı çayının sağ axarında, dəniz səviyyəsindən 1850 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Toponim türk dilində “keşiş” sözü ilə qədim türk dilində “xarablıq, uçulmuş divar” mənasında işlənən “örən” sözünün sinonimi olan “viran” sözünün birləşməsindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Zovaşen”, 21 oktyabr 1967-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Urtsalanc” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°51′ şm. e., 44°59′ ş. u.