Keşişkənd

Keşişkənd rayonu 1931-ci il oktyabrın 15-də yaradılmışdır. Sahəsi 1134 km² olan rayonun mərkəzi Keşişkənd olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 122 km-dir.

Keşişkənd rayonunu Göyçə mahalından Səlim kəndi ayırır. Rayon ərazisindən Arpa və Herher çayları axır. Bir tərəfdən Basarkeçər yaylağı, digər tərəfdən isə Dərələyəz dağ silsiləsi ilə əhatələnmişdir.

Rayonun ərazisi tarixi İrəvan xanlığının Dərələyəz mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasına daxil olmuşdur.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə rayonunun adı dəyişdirilərək “Mikoyan”, 6 dekabr 1957-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Yeğeqnadzor” adlandırılmışdır.

1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.