Keşişkənd – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Alagöz (Araqats) yaşayış məntəqəsindən 15 km cənubda yerləşir. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur.
Toponim qədim türk dilində “keçid, bərə, körpü” mənasında işlənən “keçiş→keşiş” (Azərbaycan dilində “ç~ş” əvəzlənməsi qanunauyğun haldır) sözünə kənd sözünün qoşulması əsasında əmələ gəlib “keçid, bərə, yanında olan kənd” mənasını ifadə edir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Gexarot” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°42′ şm. e., 44°13′ ş. u.