Keçili – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 28 km şimal-şərqdə, Araz çayının yaxınlığında, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.
Toponim oğuz türk tayfasından olan qayı etnoniminin bir qolunu təşkil edən keçili etnonimi əsasında əmələ gəlmişdir. Kəngərlərin bir qolu da keçili adlanır. Araz çayının sağ sahilində yaşamış keçililər Səfəvilər dövründə Naxçıvana keçərək kəngərlilərə qarışmışlar. Eyni zamanda, oğuzların qayı tayfasının bir qolu qara keçili adlanmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə adı dəyişdirilərək “Mrqaşat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°07′ şm. e., 44°04′ ş. u.