Karvansara – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, hazırda isə Araqatsotn vilayəti ərazisində kənd. Əvvəllər gah keçmiş Ərtik (Artik), gah da keçmiş Abaran rayonunun tərkibində olmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 mart 1972-ci il tarixli fərmanı ilə Alagöz (Araqats) rayonunun tabeliyinə verilmişdir. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 51 km şimal-qərbdə, Alagöz dağının cənub tərəfində, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir.
1877–1878-ci illər rus-türk müharibəsindən sonra kənddə yaşayan azərbaycanlılar qovulmuş, əvəzində yezidi kürdləri və ermənilər yerləşdirilmişdir.
Toponim “karvan” sözü ilə türk dilində “ev”, “təsərrüfat tikilisi” mənasında işlənən “saray” sözünün birləşməsindən əmələ gələn “karvansara” sözündən formalaşmışdır və “başqa yerlərdən gələn karvan və yolçuların müvəqqəti qalması, qoşqu heyvanları, minik vəsaitinin saxlanılması üçün böyük həyəti olan bina yanında salınan kənd” mənasını bildirir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdiridib “Amre Taza”, Ermənistan Respublikası prezidentinin 4 iyul 2006-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Satunts” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°39 şm. e., 44°11′ ş. u.