Kamil Müseyib oğlu Əliyev 1921-ci il oktyabr ayının 22-də İrəvan şəhərində anadan olmuşdur. Bu torpaqlar dədə-babalıqla onların yurdu, vətəni, doğma məskəni olmuşdur. Əldə olan məlumatlara görə K.Əliyev görkəmli ictimai və elm xadimi Əziz Əliyevin bibisi Gülsüm xanımın nəvəsidir.
İrəvanda 1905-ci il qırğın dövründə taleyinə qaçqınlıq düşən Müseyib kişi ailəlikcə əvvəlcə Gəncəyə köçmüş, sonra bir il Türkiyədə Qarsda yaşamışdır. Vəziyyət nisbətən sakitləşəndən sonra onlar yenidən doğma İrəvana qayıtmışlar. Ağrılı-acılı illər gələcək rəssamın uşaqlıq yaddaşına xüsusi iz salmışdır. 1930-cu illərdə K.Əliyevin ailəsi Bakıya köçmüş və şəhərin Çəmbərəkənd məhəlləsində yaşamışdır.
K.Əliyev 1930-cu ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Texnikumuna daxil olmuş, tələbəlik illərində həm də “Azərxalça” birliyinin bədii təcrübə laboratoriyasında növbətçi rəssam kimi işləmişdir. Burada o, Qəzənfər Xalıqov, Əmir Hacıyev, Lətif Kərimov kimi görkəmli sənətkarlarla çalışmışdır.
Kamil Əliyev texnikumu bitirdikdən bir il sonra İkinci Dünya müharibəsi başlamışdır. Gürcüstanda 3 aylıq hərbi hazırlıq məktəbi keçdikdən sonra o, ön cəbhəyə, birinci Belarus cəbhəsinə göndərilmişdir. Polşanın azad olunmasında iştirak etmiş və Berlinə qədər odlu-alovlu yollarla getmişdir. Bir neçə dəfə yaralanmasına baxmayaraq, cəbhəni tərk etməmişdir. 1945–1946-cı illərdə Almaniyada keçmiş Sovet Ordusunun tərkibində hərbi xidmətdə olmuş və 1946-cı ildə ordudan tərxis olunaraq vətənə qayıtmışdır. 1947-ci ildə xalça istehsal-yaradıcılıq kombinatında rəssam kimi fəaliyyətə başlamışdır.
1958-ci ildə, bütün Azərbaycan xalqının dahi Füzulinin 400 illik yubileyinə hazırlaşdığı vaxtda K.Əliyev dahi şairin yubileyi şərəfinə onun portretini xalça üzərində yaratmışdır. Get-gedə püxtələşən rəssam ölməz Nizaminin, milli dramaturgiyamızın banisi M.F.Axundovun portretlərini yaratmışdır. İmadəddin Nəsiminin 1973-cü ildə UNESCO-nun xətti ilə qeyd edilmiş yubileyindən yadigar qalan, diqqəti cəlb edən işlərdən biri də məhz onun xalça üzərinə nəqş etdiyi “Nəsimi” əsəri olmuşdur.
K.Əliyev 1985-ci ildə Hindistanda yaradıcılıq səfərində olmuş, “Hindistan”, “İndira Qandi”, “Rabindranat Taqor” əsərlərini yaratmışdır. Onun əsərləri Misirdə (1975), İtaliyada (1982), Hindistanda (1985–1987), İranda (1992), Türkiyədə (1992), Səudiyyə Ərəbistanında (1995), İsveçrədə (1988), Amerika Birləşmiş Ştatlarında (1998), Almaniyada beynəlxalq və fərdi sərgilərdə nümayiş etdirilmişdir.
Rəssamın yaradıcılığında özünəməxsusluq, orijinallıq əsas yer tutur. Sənətşünaslıq namizədi Nəcibə Abdullayeva onun sənət əsərlərindən danışarkən yazır: “Kamil Əliyevin əsərlərindən olan “Xilə-buta”, “Tirmə”, “Xonça”, “Ləçək-turunc”, “Butalı”, “Təbriz” və digər xalçalar bizə deməyə əsas verir ki, о özünün təkraredilməz xüsusi üslubunu yaratmışdır.”
Kamil Əliyev 1996-cı ildə “Azərxalça” İstehsalat Birliyinin müdiri vəzifəsində çalışmışdır. 1998-ci il sənətkar üçün əlamətdar hadisələrlə zəngindir. Həmin ilin martında Cenevrə şəhərində 136 ölkənin iştirakı ilə keçirilən beynəlxalq sərgidə Azərbaycan xalçasına “Ən keyfiyyətli ticarət markası” verilmişdir. Həmin ilin iyul ayında K.Əliyev “Qızıl Amerika” mükafatına layiq görülmüşdür. Elə həmin ayda ona professor elmi adı verilmişdir.
Kamil Əliyevə 1960-cı ildə “Tətbiqi incəsənət ustası” fəxri adı verilmişdir. O bu ada layiq görülən ilk şəxs olmuşdur. Bundan əlavə o, 1967-ci ildə “Əməkdar rəssam”, 1982-ci ildə isə “Xalq rəssamı” fəxri adlarını almışdır. İyirmiyə yaxın ordenlə, eləcə də 1999-cu ildə Azərbaycanın həmin dövrdəki ən yüksək dövlət təltifi olan “İstiqlal” ordeni ilə mükafatlandırılmışdır.
Görkəmli xalçaçı-rəssam Kamil Əliyev 2005-ci il martın 1-də dünyasını dəyişmişdir.
Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)