Kamal – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Ellər (Kotayk, Abovyan) rayonunun, hazırkı Kotayk vilayətinin ərazisində mövcud olmuş kənd. Nairidən 8 km şimal-şərqdə, Zəngi çayının sağ sahilində yerləşir. 1972-ci ildən keçmiş Nairi rayonunun tərkibində olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 395 nəfər, 1886-cı ildə 565 nəfər, 1897-ci ildə 597 nəfər, 1904-cü ildə 621 nəfər, 1914-cü ildə 780 nəfər, 1916-cı ildə 715 nəfər, 1918-ci ilin yanvarında 625 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə erməni silahlı dəstələri kənddə qırğınlar törətmişlər. 1918-ci ildə azərbaycanlılar bir daha erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlara məruz qoyulmaqla kənddən qovulmuşlar. Sonradan kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim şəxs adı əsasında yaranan antropotoponimdir.