Kaftarlı

Kaftarlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Ərtik (Artik) rayonunda, hazırda isə Şirak vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Gümrü şəhərindən 16 km cənub-qərbdə, dəniz səviyyəsindən 1700 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

XIX əsrin əvvəllərinə kimi burada yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasından sonra Türkiyənin Ələşkirt vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir.

Toponim kaftarlı nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistanın SSR Torpaq Komitəsinin 1924-cü il qərarı ilə kəndin adı dəyişdirilərək “Panik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°39′ şm. e., 43°56′ ş. u.