Kəvər – tarixi İrəvan xanlığının Göyçə mahalında, İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda yaşayış məntəqəsi. İndiki Ermənistanın şimalında, Göyçə gölündən 8 km uzaqlıqda, dəniz səviyyəsindən 1985 m hündürlükdə yerləşir.
1828-ci il Türkmənçay müqaviləsindən sonra – 1830-cu ildə Türkiyənin Bəyazid vilayətindən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir və yaşayış məntəqəsinin adı dəyişdirilib Novo-Bəyazid qoyulmuşdur. Erməni müəlliflərinin əsərlərində Nor Bayazed formasında işlənir. “Nor” yeni deməkdir. 1930-cu ildən keçmiş Kamo rayonunun mərkəzi olmuşdur. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 12 nəfər, 1926-cı ildə 15 nəfər, 1931-ci ildə 69 nəfər azərbaycanlı yaşamışdır. 1948-ci ildə azərbaycanlılar deportasiya olunmuşdur.
Toponim xəzər türk tayfasının bir qolu kimi tanınan “kəbər” etnonimi əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 13 aprel 1959-cu il tarixli fərmanı ilə adı dəyişdirilib “Kamo”, Ermənistan Respublikası prezidentinin 4 dekabr 1995-ci il tarixli fərmanı ilə Kamo adı dəyişdirilərək “Qavar” qoyulmuşdur. Qavar “kəvər” sözünün erməni dilinə uyğunlaşdırılmış formasıdır. 7 noyabr 1995-ci il tarixli Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında yeni qanuna əsasənvilayət mərkəzi kimi, Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°22′ şm. e., 45°08′ ş. u.