Kəvər rayonu 1930-cu il sentyabrın 9-da yaradılmışdır. Sahəsi 611 km² olan rayonun mərkəzi respublika tabeli Kəvər şəhəri olmuşdur. Buradan İrəvan şəhərinə olan məsafə 98 km-dir. Göyçə yaylasının böyük bir hissəsi Kəvər rayonu ərazisinə düşür.
Rayonun ərazisi tarixi İrəvan xanlığının Göyçə mahalına, Çar Rusiyası dövründə isə İrəvan quberniyasının Novo-Bəyazid qəzasına daxil olmuşdur.
Toponim xəzər türk tayfasının bir qolu kimi tanınan “kəbər” etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 13 aprel 1959-cu il tarixli fərmanı ilə rayonun adı dəyişdirilərək “Kamo” qoyulmuşdur.
1987-ci ildən rayonun əzəli azərbaycanlı sakinləri yaşadıqları yerləri tərk etməyə məcbur edilmişlər. 1995-ci ildə isə rayon ləğv edilərək Ermənistanın Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.