Kəsikbaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Qaranlıq (Martuni) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Mədinə kəndinin yanında, Aşağı Qaranlıq kəndindən 4 km cənub-qərbdə, dəniz səviyyəsindən 2125 m hündürlükdə yerləşir.
Ermənilərin İran və Türkiyədən köçürülüb məskunlaşdırılmasından sonra kəndin azərbaycanlı əhalisi tədricən yer-yurdlarını tərk etmişdir.
Toponim kəsikbaş tayfa adı əsasında əmələ gələn etnotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 7 dekabr 1945-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Lernakert” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 45°17′0″ ş. u.