Kəsəmən – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 95 km cənub-şərqdə, dağ ətəyində, dəniz səviyyəsindən 2060 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 379 nəfər, 1886-cı ildə 492 nəfər, 1897-ci ildə 671 nəfər, 1908-ci ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1916-cı ildə 894 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu il fevralın 13-20-də azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişdilər. 1922-ci ildə burada 249 nəfər, 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 569 nəfər, 1939-cu ildə 758 nəfər, 1959-cu ildə 583 nəfər, 1970-ci ildə 891 nəfər, 1979-cu ildə 955 nəfər, 1987-ci ildə 1200 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. Hazırda burada ermənilər yaşayırlar.
Toponim qazax türk tayfasının tirələrindən biri olan “kəsəmən” etnonimi əsasında formalaşmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 27 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Bahar”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə isə bir daha dəyişdiriərək “Arpunk” qoyulub. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°17′ şm. e., 45°44′ ş. u.