Kərkibaş – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 69 km cənub-qərbdə, Göyçə gölünün yaxınlığında, dəniz səviyyəsindən 1940 m hündürlükdə yerləşir.
Kənddə 1873-cü ildə 183 nəfər, 1886-cı ildə 255 1897-ci ildə 301 nəfər, 1908-ci ildə 306 nəfər, 1914-cü il nəfər, 1916-cı ildə 369 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən törədilən qırğınlara məruz qalaraq qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndin sakinlərindən sağ qalanlar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildə burada 166 nəfər, 1926-cı ildə 174 nəfər, 1931-ci ildə 224 nəfər, 1939-cu ildə 315 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlər Sovetinin “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdilər. 1959-cu ildə kənddə 431 nəfər, 1970-ci ildə 635 nəfər, 1979-cu ildə 725 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar yenidən Ermənistan dövləti tərəfindən öz doğma kəndlərindən qovulmuşlar. Hazırda burada yalnız ermənilər yaşayırlar.
Toponim qazax tayfasına məxsus “kərkibaşlı” etnonimi əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 may 1967-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Şəfəq”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Vanevan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 45°41′ ş. u.