“Vedi rayonunun Şirazlı kəndində anadan olmuşam və orta məktəbi həmin kənddə oxumuşam. 1988-ci ilin yanvar ayında həyat yoldaşımla İrəvan şəhərinə tez-tez səfərlər edirdik. Həmin vaxtlarda avtobusda ermənilər öz aralarında bizim qovulmağımız, Qarabağın işğalı haqqında danışırdılar. Biz isə onların danışdıqlarının reallaşacağını düşünmürdük. Fevral ayından etibarən ermənilərin nümayişləri başladı. “Qarabağ bizimdir”, “Qarabağdakı ermənilərlə birləşirik” kimi şüarlarla nümayişlər etməyə başladılar. Mart ayında isə Sumqayıt hadisələrindən sonra nümayişlər daha da gərginləşdi. Mayın 10-da biz səhər müsibətlə oyandıq. Kənd camaatı Türkiyə sərhədinə toplaşdı. Daha sonra Naxçıvana üz tutduq. Naxçıvan əhalisi bizə çox kömək etdi. Uşaqlığım, gəncliyim o ata-baba yurdumda qaldı. Qayınlarım Xaçmaz rayonunda yaşadıqları üçün biz də Xaçmaz rayonuna gəldik. Şirazlıda olan zaman məktəb yarışlarında iştirak etməyə çətinlik yaradırdılar. Yarışlarda iştirak etsək belə qalib gələ bilmirdik. Deportasiya zamanı ata evimə hücum etdilər. Qonşumuz Kamil əminin evini yandırdılar. Kənd sovetində işləyən Sura xalanı əsir götürmüşdülər. Ermənilərə qarşı bizim də nümayişlərimiz oldu və ondan sonra Sura xalanı azad buraxdılar. Ermənilər dükanlarında türk olduğumuz üçün bizə ərzaq vermirdilər.”