İydəli

İydəli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 14 km cənub-qərbdə, Araz çayının sol sahilində, dəniz səviyyəsindən 855 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeyd olunmuşdur.

Kənddə 1831-ci ildə 113 nəfər, 1873-cü ildə 562 nəfər, 1886-cı ildə 629 nəfər, 1897-ci ildə 706 nəfər, 1904-cü ildə 880 nəfər, 1914-cü ildə 934 nəfər, 1916-cı ildə 637 nəfər, 1918-ci ilin əvvəlində isə 880 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ilin fevral ayında kəndin azərbaycanlı əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq ata-baba torpaqlarından deportasiya olunmuşdur. Kəndə Türkiyənin Ələşkirt, Bəyazid, Samsun, Ərzurum, və Muş vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar tarixi-etnik torpaqlarına qayıda bilmişlər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 87 nəfər, 1926-cı ildə 55 nəfər, 1931-ci ildə isə 80 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Azərbaycan dilində işlənən “iydə” ağac adına kəmiyyət bildirən “-li” şəkilçisinin artırılması ilə əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10 aprel 1947-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Pşatavan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°02′ şm. e., 44°04′ ş. u.