İtqıran

İtqıran – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 42 km cənub-şərqdə, dəniz səviyyəsindən 1580 m hündürlükdə yerləşir.

Kənddə 1831-ci ildə 157 nəfər, 1873-cü ildə 257 nəfər, 1886-cı ildə 364 nəfər, 1897-ci ildə 235 nəfər, 1904-cü ildə 490 nəfər, 1914-cü ildə 539 nəfər, 1916-cı ildə 442 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin əhalisi erməni silahlı birləşmələrinin təcavüzünə və qırğınlarına məruz qalaraq kənddən qovulmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 103 nəfər, 1926-cı ildə 88 nəfər, 1931-ci ildə 127 nəfər, 1939-cu ildə 202 nəfər, 1959-cu ildə 148 nəfər, 1979-cu ildə 253 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında kəndin bütün sakinləri tarixi-etnik vətənlərindən deportasiya edilmişlər. Hazırda burada ermənilər yaşayırlar.

Toponim tarixi mənbələrində adı çəkilən itbarak tayfa adında öz əksini tapan və etnonimi kimi işlənən “it” və qədim türk dilində “kənd yaşayış yeri, meşədə yurd, dəyə, maldarların müvəqqəti dayanacaq yeri” mənasında işlənən “kuren//kuran” (→qıran) sözlərindən əmələ gəlmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Gülüstan”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən adı dəyişdirilərək “Nor Aznaberd” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°32′ şm. e., 45°25′ ş. u.