İtqıran Ortakənd

İtqıran Ortakənd – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd.

Kənddə 1897-ci ildə 169 nəfər yalnız azərbaycanlı yaşamışdır. XX əsrin əvvəllərində, 1905–1906-cı illərdə azərbaycanlılar erməni daşnak silahlı birləşmələri tərəfindən sıxışdırılaraq qovulmuş və kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim “itbarak” etnonimində öz əksini tapan “it” etnonimi ilə türk dilində “kənd, yaşayış yeri meşədə yurd, dəyə, maldarların müvəqqəti yaşayış yeri” mənasında işlənən “qıran” (kuren//kuran) sözündən və “aralıqda, ortalıqda, iki obyektin arasında yerləşən kənd” mənasında işlənən “ortakənd” söz birləşməsindən əmələ gəlmişdir.