İstisu

İstisu – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda kənd, hazırda isə Vayotsdzor vilayətində şəhər. Arpa çayının yanında, İrəvan şəhərindən 173 km məsafədə yerləşir. Kəndin adı tarixi mənbələrdə XIII əsrdə çəkilsə də, VII əsrə məxsus tikililərin qalıqları vardır. 1961-ci ildə geniş tikinti işləri aparılaraq şəhər statusu almış və hazırda kurort şəhəri kimi fəaliyyət göstərməkdədir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Burada 1831-ci ildə 114 nəfər, 1886-cı ildə 117 nəfər, 1897-ci ildə 163 nəfər, 1904-cü ildə 214 nəfər, 1914-cü ildə 235 nəfər, 1916-cı ildə 200 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri deportasiya olunmuşdur. Yalnız indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra, 1920-ci ildə kəndi tərk edən azərbaycanlılardan sağ qalanlar doğma yurdlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 118 nəfər, 1926-cı ildə 60 nəfər, 1931-ci ildə 215 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1940-cı illərdə İran və Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişlər. 1959-cu ildə 329 nəfər, 1970-ci ildə 627 nəfər azərbaycanlı və erməni yaşamışdır. Şəhərdə yaşayan azərbaycanlılar 1988-ci ilin noyabr ayında tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda şəhərdə yalnız ermənilər yaşayırlar.

Toponim yerdən təbii şəkildə, isti formada çıxan mineral su adından əmələ gəlmişdir və “isti” və “su” komponentlərindən ibarətdir. Hidrotoponimdir.

Yaşayış məntəqəsinin adı erməni dilinə hərfi tərcümə edilərək “Cermuk” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°51′ şm. e., 45°41′ ş. u.