İrəvan qalası

İrəvan qalası 1504-cü ildə Səfəvi hökmdarı I Şah İsmayılın əmri ilə onun vəziri Rəvanqulu xan tərəfindən Zəngi çayının sahilində, hazırkı İrəvan şəhərinin yerində inşa edilmişdir. Qala onu inşa etdirən vəzirin adı ilə Rəvan və ya İrəvan adlandırılmışdır.

Tarixi mənbələrdə İrəvan qalasında 800 ev və 8 məscid olduğu göstərilir. İrəvan qalasının 1827-ci ildə ruslar tərəfindən işğalından sonra tərtib edilmiş çertyojunda göstərilən miqyasa əsasən onun ümumi uzunluğunun 850 m, eninin isə 790 m olması təsdiqini tapmışdır. Təqribən kvadrat formaya sahib olan qala 7 hektar ərazini əhatə etmişdir. İkiqat qala divarlarının hündürlüyü 10,5–12 m olmuşdur. Qalanın bir qatdan ibarət olan divarı isə Zəngi çayının yanından keçirdi.

İrəvan qalasının üç qapısı var idi: cənub hissədə Təbriz qapısı, şimalda Şirvan qapısı (Meydan qapısı) və Körpü qapısı.

Rusiya işğalından sonra İrəvan qalası dövlət mülkiyyəti elan edilmişdir. 1850-ci illərdə qalanın içərisində təmir-tikinti işləri aparılmışdır. Eyni zamanda, qalada rus hərbi hissələri və xeyli sayda top saxlanılırdı.

İrəvan qalası 1864-cü il martın 12-dək hərbi-istehkam qalası kimi istifadə edilmişdir. Qala rəsmən buraxıldıqdan sonra onun divarlarının və qüllələrinin daşlarını ətrafda yaşayan yerli sakinlər sökərək aparmışlar. 1880-ci illərdən etibarən isə bir-birinin ardınca qalanın içərisindəki tikililər və müdafiə qurğuları yoxa çıxmışdır. 1930-cu illərdə isə qala tamamilə məhv edilmişdir.

Mənbə:
Evliya Çələbi, Səyahatnamə
Ələkbərli Ə., Qərbi Azərbaycan abidələri (Bakı: “Nurlan” nəşriyyatı, 2007)

Nazim Mustafa, İrəvan şəhəri (Bakı, 2020)
Nazim Mustafa, Erməni vandallarının yox etdiyi Xan sarayı (Bakı, 2016)
Акопян Тадевос, Очерк истории Еревана (Ереван, 1977)