İrəvan

İrəvan şəhərinin yerləşdiyi ərazi müxtəlif dövrlərdə Urartu, Sasani, Ərəb xilafəti, Sacilər, Şəddadilər, Səlcuqilər, Eldənizlər, İlxanilər, Teymurilər, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər, Əfşarlar, Qacarlar, Osmanlı və Çar Rusiyası dövlətlərinin tərkibinə daxil olmuşdur. Yalnız 1918-ci ildə Cənubi Qafqazda ilk erməni dövləti yarandıqdan sonra İrəvan şəhəri Ermənistanın paytaxtına çevrilmişdir. İrəvan şəhəri 40°11′ şimal en dairəsi və 44°31′ şərq uzunluğunda Ağrı vadisinin şimal-şərq hissəsində, dəniz səviyyəsindən təqribən 850-1370 metr yüksəklikdə, Zəngi çayının sahilində yerləşir.

İrəvan şəhəri və onun ətrafındakı oykonimlərin (yaşayış məntəqələri), qodonimlərin (küçə adları), aqoronimlərin (meydan adları), antrotoponimlərin (şəxs adlarından törəmiş coğrafi adlar), hidronimlərin (çay, göl, bulaq və s.), oronimlərin (dağ, dərə, aşırım, düzənlik və s.) mütləq əksəriyyətinin Azərbaycan türkcəsində olması bir daha onu göstərir ki, bu ərazi azərbaycanlıların qədim yaşayış məskənlərindən olmuşdur. İrəvan şəhəri ərazisində aparılan qazıntılar zamanı aşkara çıxan maddi-mədəniyyət nümunələri içərisində indiyədək ermənilərə məxsus hər hansı nümunəyə rast gəlinməmişdir.

Ticarət yollarının üzərində yerləşən və şəhər kimi orta əsrlərdə formalaşan, yalnız Azərbaycan türklərinin yaşadığı bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxursəəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.

Qədimdən yalnız Azərbaycan türklərinin məskun olduqları bu şəhərin adı orta əsr yazılı mənbələrində Rəvan, İrəvan, Ervan, İrivan kimi qeyd edilmişdir. XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən işğal edildikdən sonra şəhərin adı Erivan (Эривань) kimi yazılmışdır.

Erməni tarixçiləri şəhərin adını Urartu çarı I Argiştinin dövründə (e. ə. 782-ci ildə) salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi-istehkam məqsədilə inşa edilmiş və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmamışdı. Urartuluların ermənilərlə heç bir tarixi bağı olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də zaman baxımından əlaqəsi olmuşdur. İndi ermənilərin “Arinberd” (“Qanlıqala”) adlandırdıqları bu təpə İrəvan şəhərinin cənub-şərq istiqamətində yerləşir. 1879-cu ildə rus arxeoloqu A. İvanovski İrəvan ətrafındakı Çölməkçi kəndində üzərində mixi yazılar olan və Urartu çarı I Argiştinin hakimiyyəti dövrünə aid mətni əks etdirən bazalt daş aşkar etmişdir. Sonradan həmin ərazidə üzərində mixi yazıları olan daha bir neçə daş aşkar edilmişdi.

Qədim İrəvan yaşayış məntəqəsi ilə 1950-ci ildə arxeoloji qazıntılar zamanı üzə çıxan Erebuni qalası arasında xeyli məsafə olmuşdur. Yalnız XX əsrin ikinci yarısından Erebuni qalasının yerləşdiyi Qanlı təpə şəhərətrafı əraziyə daxil edilmişdir. Urartulular dövrünə aid tapılan mixi yazılardan aydın olmuşdur ki, e.ə. VIII əsrin birinci rübündə Ağrı vadisi (Araz çayının sol sahili və Arpaçayın aşağı axarı) urartulular tərəfindən işğal edilənədək həmin ərazi Aza xalqının ölkəsi adlanmışdır.

İrəvanın Urartu çarı I Argişti tərəfindən əsası qoyulan Erebuni (İrpuni) qalası ilə eyniləşdirilməsi ermənilər tərəfindən tarixin saxtalaşdırılmasının bariz nümunəsidir.

İlk mənbələr təsdiq edir ki, indi Ermənistan (Hayastan) adlandırılan əraziyə ermənilər (haylar) ilk dəfə xristianlığın dövlət dini səviyyəsinə yüksəlməsindən sonra missionerlər kimi gəlmişlər. Haylar ərəb xilafəti dövründə islam dinini qəbul edən aborigen türkmənşəli boyların tərk etdikləri dini məbədlərə sahib çıxmış, həmin məbədləri kilsəyə çevirmiş, elə oradaca saxta tarixi artifaktlar yerləşdirilmişdir.

Ərəb xilafətinin qoşunları ilk dəfə 642-ci ildə Cənubi Azərbaycan və Naxçıvan üzərindən indiki Ermənistan ərazisinə daxil olmuşdur. Xilafət dövründə Cənubi Qafqazdakı əmirliklərin idarəçiliyi bir qayda olaraq türklərə həvalə edilirdi. Erməni tarixçisi A.Ter-Qevondyan yazır: “Əgər Ərəb xilafəti dövründə Yerevan (İrəvan) şəhər kimi mövcud olmuş olsa idi, ticarət yolu da oradan keçərdi. Lakin Ərəb xilafəti dövründən bəhs edən erməni müəllifləri qeyd edirlər ki, həmin dövrdə karvan yolu İrandan Naxçıvan-Dvin (Dəbil) üzərindən kiçik Asiyaya yönəlirdi”.

Ermənilərin İrəvan ətrafında məskunlaşması 1441-ci ildə Qaraqoyunlu hökmdarı Cahan şahın razılığı ilə erməni katolikosluğunun iqamətgahının Kilikiyadan Valarşabad kəndindəki Eçmiədzin (Üçkilsə) kilsəsinə köçürülməsindən sonra başlamışdır.

Şəhər kimi orta əsrlərdə formalaşan bu qala-şəhər, eyni zamanda Azərbaycanın zəngin mədəniyyət mərkəzlərindən biri olmuşdur. İrəvan şəhəri bir mərkəz kimi, Çuxursəəd bəylərbəyliyi və İrəvan xanlığı dövrlərində sosial-iqtisadi cəhətdən sürətlə inkişaf etmişdir.

Türk səyyahı və coğrafiyaşünası Övliya Çələbi İrəvanı yaşayış məntəqəsi kimi, XV əsrin əvvəllərinə aid edir. Onun yazdığına görə, hicri təqvimi ilə 810-cu ildə (1407-1408) Əmir Teymurun tacirlərindən Xacə xan Ləhicani adlı tacir çox münbit Rəvan torpağına qədəm qoymuş, öz ailə üzvləri ilə burada sakin olmuş və düyü əkini hesabına gündən-günə varlanaraq bu böyük kəndin əsasını qoymuşdur. Övliya Çələbi daha sonra əlavə edir ki, Səfəvilər dövlətinin başçısı Şah İsmayıl hicri 915-ci ildə (1509-1510) qala salınması barədə öz vəziri Rəvanqulu xana göstəriş vermiş, o da öz növbəsində 7 ilə qalanı tikdirərək adını “Rəvan” qoymuşdur.

Səfəvilər dövründə Çuxursəəd bəylərbəyliyini, əsasən, rumlu və ustaclı qızılbaş əmirləri idarə etmişlər. Osmanlı və Səfəvi imperiyaları arasında gedən müharibələr nəticəsində İrəvan şəhəri 14 dəfə əldən-ələ keçmişdir. Hər dəfə də müəyyən dağıntılara məruz qalmış, sonradan yenidən bərpa edilmişdir. 1554-cü ildə Osmanlı qoşunları İrəvanı darmadağın edərək onu ələ keçirmişdir. 1580-ci ildə Osmanlı vəziri Lələ Mustafa paşa yenidən İrəvanı işğal etmişdir. Bir çox səyyah və tarixçilərin təsvir etdikləri İrəvan qalası köhnə qalanın yerində, Osmanlı işğalı dövründə Fərhad paşa tərəfindən 1582-1583-cü illərdə inşa edilmişdir. Uzunluğu 850 m, eni 790 m olan qala təqribən kvadrat formasında olub, 7 ha ərazini əhatə edirdi. İkiqat qala divarlarının hündürlüyü 10,5-12 m idi. Qalanın birqat divarı Zəngi çayının divarlarını yuduğu qayalıq üstündən keçirdi. Qalanın üç qapısı var idi: cənubda Təbriz qapısı, şimalda Şirvan qapısı (yaxud Meydan qapısı) və Körpü qapısı. 1679-cu ildə Meydan qapısı ilə Köhnə şəhər arasında Zəngi çayının üzərində “Qırmızı körpü” adlanan körpü salınmışdı.

Avropadan və Rusiyadan gələn səyyah və tədqiqatçılardan Jan Tavernye, Jan Şardən, Ceyms Morier, İvan Şopen, Dübua da Monpere, qrafinya Praskovya Uvarova, Henri Linç, akademik Nikolay Marr, rəssam Qriqori Qaqarin və başqaları müxtəlif vaxtlarda İrəvanda olmuş, Xan sarayını, onun Güzgülü salonunu, Yay köşkünü, qaladakı və şəhərdəki məscidləri, karvansaraları, hovuz və hamamları öz əsərlərində təsvir etmişlər.

İrəvan şəhərinin yaşayış massivlərinin, tarixi-memarlıq abidələrinin, məhəllələrinin, küçə və meydanlarının, karvansaralarının, suvarma şəbəkələrinin, bağlarının adlarının hamısının Azərbaycan türkcəsində olması bu şəhərin əzəli sakinlərinin azərbaycanlılar olmasını sübut edir.

İrəvan şəhəri 4 massivdən ibarət olmuşdur: Qala, Şəhri (yaxud Köhnə şəhər), Təpəbaşı (hazırda Kond adlanır) və Dəmirbulaq (hazırda Karanki tağ adlanır) massivləri. Qala ilə digər yaşayış massivləri arasında Bazar meydanı və bağlar mövcud idi. Şəhri məhəlləsi Qırxbulaq çayının sağ sahili ilə İrəvan qalasına kimi uzanırdı. Şəhərin mərkəzi bazarı və bütün meydanları, bir çox karvansaraları və hamamları bu hissədə yerləşirdi. Təpəbaşı məhəlləsi Zəngi çayı ilə Şəhri məhəlləsinin arasındakı təpəlikdə yerləşirdi. Təpəbaşı məhəlləsini Şəhri məhəlləsindən İrəvanın adlı-sanlı adamlarının çoxsaylı bağları ayırırdı. Hüseynqulu xana məxsus məşhur Xan bağı və Yay köşkü Zəngi çayının sağ sahilində yerləşirdi. Dəmirbulaq məhəlləsi Şəhri məhəlləsindən cənub-şərqdə, İrəvan qalasının şərqində yerləşirdi.

Şəhərin qərbində yerləşən Təpəbaşı massivində  Hindistandan gəlmiş 50-yə yaxın erməni qaraçı ailələri (boşalar) məskunlaşmışdılar. Şəhərin cənubunda yerləşən Dəmirbulaq massivində (hazırda Karanki Tağ adlanır) yalnız azərbaycanlılar yaşayırdılar. İrəvan qalasında isə fransız səyyahı J.Şardənin qeyd etdiyi kimi, yalnız təmizqanlı səfəvilər (yəni azərbaycanlılar) yaşayırdılar.

Zəngi və Gedər çaylarının arasında formalaşan, quru subtropik iqlim zonasında yerləşən İrəvan şəhəri, olduqca münbit və bərəkətli torpaqlarla əhatə olunmuşdur. Məşhur İrəvan bağları və bostanları İrəvan xanlarının müxtəlif dövrlərdə Zəngi və Gedər çaylarından çəkdirdikləri kanallarla suvarılmışdır. Toxmaq xanın vaxtında yaradılan və onun adını daşıyan “Toxmaq gölü”ndən çəkilən kanallar, Zəngi çayından çəkilən Mamrə, Abuhəyat, Dəlmə və Təzəkənd kanalları şəhərdəki və ətrafdakı bağları suvarmaq üçün kifayət edirdi. Şəhərin cənubundakı bağlar isə Gedər çayından çəkilən kanal və arxlarla suvarılırdı. XX əsrin əvvəllərinədək İrəvan şəhəri 4 mənbədən – Zəngi çayı, Söyüdlük adlanan ərazidəki çoxsaylı bulaqlar, Gedər çayının şəhər bağlarından keçən hissəsində tikilən su anbarı və müxtəlif yerlərdə qazılan kəhrizlər vasitəsilə içməli su ilə təmin edilirdi.

Müasir İrəvan şəhərində yaşı 250 ildən artıq ermənilərə məxsus bircə dənə də olsun maddi-mədəniyyət nümunəsi mövcud deyil. Çünki XIX əsrin əvvəllərində Rusiyanın İrəvan xanlığını işğalından sonra ermənilər tədricən İran və Türkiyədən köçüb gətirilərək İrəvan şəhərində məskunlaşdırılmışlar.

İrəvandakı tarixi-memarlıq abidələri Şərq memarlığı üslubunda inşa edilmişdi. Səyyahlar və salnaməçilər öz əsərlərində İrəvanı tipik müsəlman şəhəri kimi təsvir etmişlər.

Orta əsrlərdən etibarən İrəvan şəhəri karvan yollarının kəsişdiyi məkanda yerləşdiyi üçün burada çoxlu karvansaralar və ticarət meydanları salınmışdı. Daşdan hörülmüş, ortasında kvadratşəkilli meydançaları, su hovuzları olan karvansaralar İrəvanın gözəl tikililərindən hesab olunurdu. XIX əsrin əvvəllərində İrəvanda 7 karvansara mövcud olmuşdur. Culfa, Gürcü, Zərrabi xan (Sərrafxana), Tahir, Sulu, Susuz, Hacı Əli karvansaralarında üst-üstə 851 köşk mövcud olmuşdur.

Şəhərin mərkəzi hissəsində Böyük Meydan adlanan 400×400 m ölçüdə meydan yerləşirdi. Ağır yükləri çəkmək üçün Qantar tərəzisi, yüngül yükləri çəkmək üçün Mizan tərəzisi bu meydanda yerləşirdi. Digər meydanlar Xan bağı, Zal xan, Hüseynəli xan, Fəhlə bazarı meydanı adlanırdı. Pənah xan Makinskinin imarətinin yerləşdiyi ərazi isə son vaxtlaradək Pənah xan meydanı və yaxud Pənah xan bulvarı adlanırdı.

İrəvanda Şərq memarlıq üslubunda 10 hamam – Şəhər, Zal xan, Şeyxülislam, Mehdi bəy, Hacı Bəyim (sonuncu İrəvan xanının qardaşı Həsən xanın qızı), Təpəbaşı, Hacı Əli, Hacı Fətəli, Kərim bəy, Həsənəli hamamları mövcud idi. Hazırda İrəvanın mərkəzindəki Respublika meydanının yerləşdiyi yerdə vaxtilə mövcud olan Zal xan hamam kompleksində yeraltı çayxana ilə yanaşı, muğamat məclislərinin keçirilməsi üçün xüsusi otaq ayrılmışdı.

XIX əsrin sonu, XX əsrin əvvəllərində İrəvan şəhərində adları azərbaycanca səslənən onlarla küçə mövcud idi. Qədim İrəvanda bu küçələr məşhur idi: Şəriət, Karvansara, Qala, Sultan, Çölməkçi, Naxçıvan, Bazar, Daşlı, Paşa xan, Qəriblər ocağı, Dəyirmanlı, Məscid, Fəhlə bazarı, Təpəbaşı, Qəbiristan, Naib, Mir Cəfər, Rüstəm xan, İmamrə, Korbulaq, Bəy, Kətan, Dükanlı, Sallaxlar və s.

Bağlar diyarı İrəvanda və onun ətrafında 1473 bağ mövcud olmuşdur ki, onlardan 772-si şəhərin içərisində idi. Sərdar bağı, Dəlmə, Abbasdərəsi, Abuhəyat, Keşağlı, Qızılqala, Dərə bağı, Səvzikəri, Xosrovabad, Söyüdlü, Qul dərəsi, Kənkan, Kərpicxana bağlarının ad-sanı İrəvandan çox-çox uzaqlara yayılmışdı.

Şəhərdə və onun ətrafında 45 dəyirman mövcud idi. Azərbaycanlılara məxsus Hacıbəyim, Məhəmməd xan, Sübhanqulu xan, Qala, Xan, Doqquz dəyirmanlar şəhərin ən böyük dəyirmanları olmuşdur.

Tarixi ədəbiyyatda İrəvan şəhərində 15-ə yaxın məscidin və iki erməni kilsəsinin adları keçir. Göy məscid (yaxud Hüseynəli xan), Təpəbaşı, Zal xan (yaxud Şəhər), Sərtib xan, Hacı Novruzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq, Hacı Cəfər bəy, Rəcəb paşa, Məhəmməd Sərtib xan, Hacı İnam məscidlərinin minarələri uzaqdan İrəvanın müsəlman şəhəri olmasını nişan verirdi. Şəhərin ətrafında mövcud olan Poğos-Petros və Katoğke kilsələri vaxtilə xristian missionerlərinin vəsaiti hesabına tikilmişdi və məqsəd ermənilərin şəhərə axınını təmin etməkdən ibarət idi.

İrəvan şəhəri 1827-ci il Rusiya işğalı ərəfəsində Zəngibasar, Gərnibasar (Qəmərli), Qırxbulaq və Kərpibasar (Əştərək) mahalları ilə əhatə olunmuşdu.

Türkmənçay (1828) və Ədirnə (1829) sülh müqavilələrinin imzalanmasından sonra İrəvan azərbaycanlılarının qara günləri başlanmıdır. İrəvan və Naxçıvan xanlıqlarının işğalından sonra yaradılan yeni inzibati-ərazidə – “Erməni vilayəti”ndə 1829-1832-ci illərdə kameral siyahıyaalma keçirən İvan Şopenin İrəvan şəhərinin əhalisi haqqında verdiyi statistik məlumatlarda şəhərdə 2751 ailənin (11463 nəfər), o cümlədən 1807 müsəlman ailəsinin (7331 nəfər), 567 yerli erməni ailəsinin (2369 nəfər), İrandan köçürülən 366 erməni ailəsinin (1715 nəfər) və Türkiyədən köçürülən 11 erməni ailəsinin (48 nəfər), habelə 46 boşa (xristian qaraçıları) ailəsinin (195 nəfər) yaşadığı göstərilmişdir.

Statistik məlumatlar göstərir ki, İrəvan şəhərində 1873-cü ildə 5805 nəfər azərbaycanlı, 5959 erməni, 1886-cı ildə 7228 nəfər azərbaycanlı, 7142 erməni, 1897-ci ildə 12516 nəfər azərbaycanlı, 12529 nəfər erməni yaşamışdır.

Yalnız XIX əsrin sonlarında Türkiyədə baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra ermənilərin İrəvan quberniyasına axışıb gəlmələrindən və 1905-1906-cı illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirilməsindən sonra İrəvan şəhərində ermənilər say üstünlüyünə nail olmuşdurlar.

1918-ci il mayın 28-də cənubi Qafqazda üç müstəqil dövlət – Azərbaycan, Gürcüstan, Ermənistan dövlətləri yarananda Azərbaycan Milli Şurası 29 may tarixli qərarı ilə İrəvan şəhərini ermənilərə paytaxt kimi güzəştə getmişdir. Azərbaycan Cümhuriyyətinin Baş naziri Fətəli xan Xoyski mayın 29-da öz hökumətinin xarici işlər naziri Məhəmmədhəsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələri həll etdik, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.

Ermənistan Respublikası yarananadək ötən müddət ərzində İrəvan quberniyasının ərazisində yalnız bir neçə azərbaycanlı yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Şəhər Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 12 iyun 1936-cı il tarixli fərmanı ilə “Yerevan” adlandırılmışdır.

İrəvanda 1922-ci ildə 5124 nəfər azərbaycanlı, 40396 nəfər erməni, 1926-cı ildə 4968 nəfər azərbaycanlı, 57295 nəfər erməni, 1931-ci ildə 5620 nəfər azərbaycanlı, 80327 nəfər erməni yaşamışdır. 1970-ci ildə 2721 nəfər azərbaycanlı, 738045 nəfər erməni yaşamışdır.

1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində, o cümlədən də İrəvan şəhərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu. Ona görə də ilk növbədə İrəvan şəhərindən və onun ətrafındakı rayonlardan azərbaycanlı əhalinin deportasiya edilməsinə başlanılmışdı.

İrəvan şəhərində azərbaycanlı ali məktəb və texnikum müəllimlərinin öz ailələri ilə birlikdə şəhəri tərk etmək məcburiyyətində qalması ümüumtəhsil prosesində ciddi problemlər yaratmışdı. Bir çox azərbaycanlı ailələri öz övladlarına normal təhsil vermək üçün Azərbaycanın ayrı-ayrı rayonlarına köçmək məcburiyyətində qalmışdılar. Ümumiyyətlə, 1948-1953-cü illərdə İrəvan şəhərindən 541 ailə (2294 nəfər) Azərbaycana deportasiya edilmişdi.

Şəhərin adı “Ruan”, 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Rəvan”, “İrəvan”, XVII əsr mənbəyində “Rəvan”, XIX əsr rus və erməni müəlliflərinin əsərlərində “Ayravan”, “Aravan”, “Ervan”, “Errevant”, “Rəvant”, “İrvan”, Avropa mənbələrində “İrivan” formalarında qeyd edilmişdir.

Tədqiqartçılar İrəvan toponiminin müxtəlif izahını vermişlər və bu barədə yekdil fikir yoxdur. XIX əsr rus arxeoloqu M. V. Nikolski İrəvan//Erivan toponiminin eri tayfa adı əsasında yarandığını göstərir və qeyd edir ki, burada “eri” tayfası yaşadığı üçün yaşayış məntəqəsi “Erivan” adlanmışdır. B. Budaqov və Q. Qeybullayevin fikrincə, İrəvan toponimi türk dillərində “dağın gün düşən tərəfi”, “dalğavari dağ zirvəsi” mənasında işlənən ir sözü ilə fars dilində “yer” mənasında işlənən “van” sözündən əmələ gəlmişdir. İrəvan toponiminin “İrəvan”, “Erivan”, “Arevan”, “Ervan”, “İrvan”, “Errevant”, “İrivan” fonetik variantlarına nəzər salanda aydın olur ki, onların hamısının kökü “ar”, “er”, “ir” hissəciyindən ibarətdir. Türk dillərində “ar”, “er”, “ir” “kişi, igid” mənasında işlənir.

Urartu dilində “ölkə” mənasında işlənən ebani sözü vardır. Hr. Kapansyanın fikrincə, “kənd, şəhər” mənasında işlənən avan (avvan//avan) urartu dilində “ölkə, yer” mənasında işlənən abani //ebani sözündən əmələ gəlmişdir və “avan” sözü fars dilinə mənsub deyildir. Belə qənaət hasil olur ki, İrəvan toponiminin ikinci komponenti “əvan” urartu dilində “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən “abani//ebani” sözünün bir variantıdır. Daha doğrusu “abani” sözündəki “b” səsi “v” səsi ilə əvəzlənərək “abani” sözü “avan”, “əvan” formasına çevrilmişdir. Deməli, İrəvan toponimi türk dilində “kişi”, “igid” mənasında işlənən “ir” sözü ilə “ölkə”, “yer”, “kənd”, “şəhər” mənasında işlənən “ebani” (avan) sözü əsasında əmələ gəlib “igidlər ölkəsi” mənasını ifadə edir.

1988-ci ilin dekabr ayından azərbaycanlılar İrəvandan tamamilə deportasiya olunmuşlar.

Sovet hakimiyyəti illərində rayonlaşma bölgüsünə əsasən İrəvan şəhərini Zəngibasar (Masis), Qəmərli (Artaşat), Eçmiədzin, Əştərək (Aştarak), Ellər (Abovyan) və Nairi rayonları əhatə edirdi. 1995-ci ildə Ermənistanda yeni inzibati ərazi bölgüsü tətbiq edilmişdir. İrəvan şəhərinin daxil olduğu İrəvan vilayətini (marzını) Ararat, Kotayk, Armavir və Araqatsotn vilayətləri əhatə edir.

Yerləşdiyi koordinatlar: 40°10′ şm. e., 44°30′ ş. u.

Nazim Mustafa
Tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı