İpəkli – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 3 km şimal-qərbdə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. 1969-cu ildə Zəngibasar rayonu təşkil edilənədək Qəmərli (Artaşat) rayonunun tərkibində olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1831-ci ildə 22 nəfər, 1873-cü ildə 117 nəfər, 1886-cı ildə 70 nəfər, 1897-ci ildə 102 nəfər, 1908-ci ildə 185 nəfər, 1914-cü ildə 204 nəfər, 1916-cı ildə 123 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 19 nəfər, 1926-cı ildə 14 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu ildə kəndin əhalisi Arpavar kəndinə köçürülmüşdür və kəndə ermənilər yerləşdirilmişdir.
Toponim ipəkli nəsil adı əsasında əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə adı dəyişdirilərək “Masis qəsəbəsi” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°24′ ş. u.