İncəvar – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunun, hazırkı Sünik vilayətinin ərazisində mövcud olmuş kənd. Xələc çayının sol sahilində yerləşirdi.
Kənddə 1873-cü ildə 66 nəfər, 1886-cı ildə 92 nəfər, 1897-ci ildə 129 nəfər, 1904-cü ildə 140 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. Burada 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 42 nəfər, 1931-ci ildə 45 nəfər azərbaycanlı yaşamışdır. 1930-cu illərin sonunda kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.
Toponim türk mənşəli “qıpçaq” tayfasından olan “incə” etnonimindən və “möhkəmləndirilmiş kənd, bənd, qala” mənasında işlənən “var” sözündən əmələ gəlmişdir və “incə tayfasına mənsub qala, kənd” mənasını bildirir.