İnəkli

İnəkli – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 12 km şimal-qərbdə, Abaran çayının sağ axarında, dəniz səviyyəsindən 1650 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “İnəkli məzrəsi” formasında, Qafqazın beşverstlik xəritəsində “İnəkli” şəklində qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Enakli”, “İnoğlu” kimi də göstərilir.

1828-ci ilə kimi burada azərbaycanlılar yaşamışdır. 1828–1830-cu illərdə azərbaycanlılar deportasiya olunmuş və bura İranın Xoy, Səlmas vilayətlərindən, Türkiyənin Van vilayətindən ermənilər köçürülərək yerləşdirilmişlər.

Toponim oğuz tayfalarından olan inək etnoniminə mənsubluq bildirən “-li” şəkilçisinin artırılması ilə düzəlmişdir və “inək tayfasına mənsub yaşayış yeri” mənasını verir. Monqolca inək sözü “inanılmış”, “istəkli, sevimli” mənalarını ifadə edir. Xivə, Buxara şivəsində “atalıq” mənasında işlənən “inək” əvvəllər “tayfa başçısı, xanın gizli məsləhətçisi, əyalətin və ya şəhərin baş rəisi” mənaları bildirmişdir. Etnotoponimdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1948-ci il tarixli fərmanı iləadı dəyişdirilərək “Antarut” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°21′ şm. e., 44°16′ ş. u.