İnəkdağ

İnəkdağ – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 90 km cənub-şərqdə, İnəkdağ dağının ətəyində, dəniz səviyyəsindən 2000 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1873-cü ildə 317 nəfər, 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 517 nəfər, 1908-ci ildə 520 nəfər, 1914-cü ildə 674 nəfər, 1916-cı ildə 423 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ilin fevralında azərbaycanlılar erməni silahlı birləşmələri tərəfindən qırğınlara məruz qalaraq kənddən qovulmuşlar. 1920-ci ildə indiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. 1922-ci ildə kənddə 297 nəfər, 1926-cı ildə 281 nəfər, 1931-ci ildə 383 nəfər, 1939-cu ildə 379 nəfər, 1959-cu ildə 444 nəfər, 1970-ci ildə 633 nəfər, 1979-cu ildə 738 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar bir daha öz doğma kəndlərindən Ermənistan dövləti tərəfindən qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.

Toponim oğuz tayfalarından olan “inək” etnonimi ilə “dağ” sözünün birləşməsindən əmələ gəlmişdir. “İnək” sözü monqol mənşəli söz olub “etibarlı, inanılmış”, “istəkli, sevimli” mənaları ifadə edir. Bu söz qədim dövrlərdə “tayfa başçısı” mənasında işlənmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Yenikənd”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək “Tretuk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°14′ şm. e., 45°51′ ş. u.