İmirzik

İmirzik – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Dəvəgözü çayının yaxınlığında, Gərniçayın sol axarında yerləşirdi. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Əmirzik” formasında, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1930-cu illərdə keçmiş Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil idi.

Kənddə 1873-cü ildə 188 nəfər, 1886-cı ildə 232 nəfər, 1897-ci ildə 348 nəfər, 1904-cü ildə 254 nəfər, 1914-cü ildə 328 nəfər, 1916-cı ildə isə 456 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yer-yurdlarına qayıtmışdır. Burada 1922-ci ildə 65 nəfər, 1926-cı ildə 96 nəfər, 1931-ci ildə 151 nəfər, 1939-cu ildə isə 269 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Sonradan kənd ləğv edilmişdir. Hazırda xaraba kənddir.

Toponim 24 oğuz tayfalarından biri olan “eymur” (imir) etnoniminə “-zik” şəkilçisinin artırılması ilə düzəlmişdir.