İmanşahlı

İmanşahlı – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 7 km şimal-qərbdə, İrəvanın cənubunda, Gərni çayından axan arxın yanında, dəniz səviyyəsindən 845 m hündürlükdə yerləşir. Kəndin digər adı “İmanşalı” olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə “İmanşahlı”, Qafqazın beşverstlik xəritəsində İmanşalu formasında qeydə alınmışdır.

Burada tarixən yalnız azərbaycanlılar yaşamışlar. Erməni ədəbiyyatında İmanşahlı kəndinin 1831-ci ildə salındığı göstərilir. Əslində tarixi həqiqət saxtalaşdırılmışdır. Belə ki, 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə Gərni nahiyəsinə daxil olan kəndlərin siyahısında “İmanşahlı kəndi” adında qeydə alınmışdır. 1828–1830-cu illərdə İranın Xoy, Səlmas vilayətlərindən ermənilər köçürülərək kəndə yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı, 1831-ci ildə 31 nəfər, 1873-cü ildə 17 nəfər, 1886-cı ildə 12 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır. 1905–1906-cı illərdə azərbaycanlıları erməni silahlıları deportasiya etmişdir. Hazırda burada ermənilər yaşayırlar.

Toponim “şaha imanlı, şaha iman göstərənlər” mənasını verən “imanşalı//imanşahlı” nəsil adı əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Mxçyan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Ararat vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°01′ şm. e., 44°29′ ş. u.