İllicə

İllicə – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Qəmərli (Artaşat) rayonunun, hazırkı Ararat vilayətinin ərazisində mövcud olmuş kənd. Qəmərli yaşayış məntəqəsindən 28 km şimal-şərqdə, Böyük Gilanlar kəndinin yaxınlığında, İllicə çayının yaxınlığında, Milli dərədə yerləşir. Qafqazın beşverstlik xəritəsində “Yelincə” formasında qeydə alınmışdır. 1930-cu illərdə kənd keçmiş Vedi (Ararat) rayonunun inzibati ərazi bölgüsünə daxil olmuşdur.

Kənddə 1873-cü ildə 197 nəfər, 1886-cı ildə 197 nəfər, 1897-ci ildə 327 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 377 nəfər, 1916-cı ildə 407 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna məruz qalmış və kənddən qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 58 nəfər, 1926-cı ildə 85 nəfər, 1931-ci ildə 96 nəfər, 1939-cu ildə 181 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Kənd sonradan ləğv edilmişdir.

Toponim qədim türk dilində tayfa ittifaqı mənasında işlənən “el” (il) sözü əsasında əmələ gəlmişdir.