İlli

İlli (İlli Qarakilsə) – keçmiş İrəvan quberniyasının Aleksndropol qəzasının Qızılqoç nahiyəsində, sonralar keçmiş Amasiya (Ağbaba) rayonunda, hazırda isə Şirak vilayətində kənd. Vilayət mərkəzi Gümrü şəhərindən 22 km şimal-qərbdə, dəniz səviyyəsindən 1800 m hündürlükdə, Yelli dərə adlanan dərədə yerləşir. Erməni müəlliflərinin əsərlərində və rəsmi sənədlərdə “İlli Qarakilsə”, yaxud “Qarakilsə İlli” kimi yazılır.

Kənddə XIX əsrin 30-cu illərinə qədər azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi Türkiyəyə köç etmişdir. Türkiyədən köçürülüb gətirilən ermənilər burada yerləşdirilmişdir.

Toponim “-li” şəkilçisi qəbul etmiş “bəyə tabe olan el, ərazi” mənasında işlənən “il” sözü ilə Qarakilsə toponiminin birləşməsindən əmələ gəlib “Qarakilsə kəndində yaşayan el” mənasını ifadə edir. “İl” sözü qədim türk dilində “el” sözünün sinonimi kimi işlənmişdir. Ümumiyyətlə, bu toponim üç komponentdən ibarətdir: il (el)+qara+kilsə.

1920-ci illərdə kənd “İlli” adlandırılmışdır. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə adı yenidən dəyişdirilərək “Hoğmik” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Şirak vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°55′ şm. e., 43°49′ ş. u.