İkinci Qoşabulaq – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Basarkeçər (Vardenis) rayonunun, hazırkı Geğarkunik vilayətinin ərazisində mövcud olmuş kənd. Basarkeçər (Vardenis) yaşayış məntəqəsindən 8 km cənub-qərbdə, Qoşabulaq kəndinin yaxınlığında yerləşmişdir. Erməni mənbələrində kəndin adının “Qırxbulaq”, “Kefli” olduğu da göstərilir.
Kənddə 1897-ci ildə 178 nəfər, 1908-ci ildə 262 nəfər, 1914-cü ildə 274 nəfər, 1916-cı ildə 244 nəfər azərbaycanlı, eyni zamanda kürdlər yaşamışdır. 1919-cu ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin törətdikləri qırğınlar nəticəsində kəndi tərk etmək məcburiyyətində qalmışdır. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra əhalinin bir hissəsi doğma yurdlarına qayıtmışdır. 1922-ci ildə burada 59 nəfər əhali qeydə alınmışdır. 1923-cü ildən sonra kəndin əhalisi Qoşabulaq kəndinə köçmüş və kənd xarabalığa çevrilmişdir.
Toponim Azərbaycan dilində “cüt” mənasında işlənən “qoşa” sözü ilə “bulaq” hidronimi əsasında əmələ gəlmişdir.