Hüseyn Məmmədov

Hüseyn Teymur oğlu Məmmədov 1915-ci ilin iyul ayında keçmiş İrəvan quberniyası İrəvan qəzasının Uluxanlı kəndində anadan olmuşdur. İki yaşında ikən anasını, 13 yaşında isə atasını itirmişdir.

Uluxanlı kənd yeddillik məktəbini bitirdikdən sonra 1930–1933-cü illərdə İrəvandakı Azərbaycan Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. Baytarlıq ixtisasına yiyələnməsinə baxmayaraq, Ağbaba (Amasiya) rayonuna klub müdiri göndərilmişdir. Ancaq ailə vəziyyətinin ağırlaşması ilə əlaqədar doğma kəndinə qayıtmalı olmuş və burada о, 1939-cu ilədək məktəbdə təbiət, tarix, coğrafiya müəllimi işləmiş, eyni zamanda məktəbin dərs hissə müdiri vəzifəsində çalışmışdır.

H.Məmmədov 1939-cu ildən Zəngibasar Rayon Komsomol Komitəsinin ikinci, sonra birinci katibi olmuşdur. Bir il çəkməmiş növbəti vəzifəyə – Zəngibasar Rayon Partiya Komitəsinin təbliğat-təşviqat şöbəsinə müdir göndərilmişdir.

1941-ci il iyunun birində H. Məmmədov Zəngibasar Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir. О, 1943–1946-cı illərdə Vedi, 1946–1947-ci illərdə isə Zəngibasar Rayon Partiya Komitəsinin birinci katibi işləmişdir. 1947–1950-ci illərdə Moskva Ali Partiya məktəbində oxumuşdur. Oradan qayıtdıqdan sonra H.Məmmədov 1951-ci illərin mart ayına qədər Ermənistan SSR kənd təsərrüfatı nazirinin müavini kimi fəaliyyət göstərmişdir. Sonra “Sovet Ermənistanı” qəzetinə məsul katib vəzifəsinə təyin edilmiş, lakin bir neçə aydan sonra Vedi Rayon Soveti İcraiyyə Komitəsinin sədri olunmuşdur.

1960-cı ildə H.Məmmədov Amasiya Rayon Partiya Komitəsinin birinci katibi təyin edilmişdir. 3 il bu vəzifədə çalışdıqdan sonra o, Ermənistan SSR Xalq Nəzarəti Komitəsində təşkilat şöbəsi müdirinin müavini təyin olunmuşdur. О, 1970-ci ilin sonuna qədər bu vəzifədə işləmiş və 55 yaşında respublika dərəcəli fərdi pensiyaya çıxmışdır.

1971-ci ildə H.Məmmədov ailəsi ilə Bakıya köçmüşdür. 1971–1975-ci illərdə Bakının Lenin Rayon (indiki Sabunçu) İcraiyyə Komitəsində şöbə müdiri, 1976–1989-cu illərdə isə əvvəlcə Xırdalan, sonra isə Binəqədi dəmir-beton zavodlarında kadr işi üzrə böyük inspektor işləmişdir.

H.Məmmədov Ermənistan SSR Ali Sovetinin (II, IV, V çağırış) deputatı olmuş, respublika Ali Soveti Rəyasət Heyətinin üzvü, sonra isə Ali Sovet sədrinin müavini seçilmişdir. О, “Vətən müharibəsi” ordeni və bir çox medallarla təltif olunmuşdur.

H.Məmmədov 1994-cü ilin aprel ayında Bakıda vəfat etmişdir.

Memarlıq doktoru, professor, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın atasıdır.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)