Hüseyn Həsənov

Hüseyn Heydər oğlu Həsənov 1932-ci il oktyabr ayının 19-da İrəvan şəhərində anadan olmuşdur. İrəvanda M.Əzizbəyov adına orta məktəbdə təhsil almış, 1949-cu ildə Azərbaycan Dövlət İnstitutunun Biologiya fakültəsinə daxil olmuş, 1954-cü ildə isə oranı bitirmişdir. H.Həsənov elmi-tədqiqat fəaliyyətinə həmin ildə Fiziologiya İnstitutunda əvvəlcə laborant, sonra aspirant, 1957-ci ildən isə kiçik elmi işçi kimi başlamışdır.

1958-ci ildə dissertasiya müdafiə edərək biologiya elmləri namizədi alimlik dərəcəsi almış, 1961-ci ildən isə baş elmi işçi vəzifəsinə keçirilmişdir. 1967-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1968-ci ildə elmi işlər üzrə direktor müavini təyin edilən H.Həsənov bir il sonra Azərbaycan Elmlər Akademiyasının A.Qarayev adına Fiziologiya İnstitutuna, eyni zamanda “Beyin və davranış” şöbəsinə rəhbərlik etmişdir.

Hüseyn Həsənov 1972-ci ildə Azərbaycan EA-nın müxbir üzvü olmuş, dörd il sonra isə həqiqi üzv seçilmişdir. Respublikanın bir çox məşhur fizioloqları kimi H.Həsənovun da elmi-tədqiqat fəaliyyəti akademik A.Qarayevin rəhbərliyi altında başlamış və bu tədqiqatların böyük bir hissəsini mərkəzi sinir sisteminin requlyasiya mexanizmlərinin vegetativ funksiyalarının öyrənilməsi, bu, requlyasiya proseslərinin orqanizmin daxili mühit homsostazın tənzim edilməsində rolu kimi mühüm məsələlərin tədqiqi təşkil etmişdir.

Hüseyn Həsənovun işləri xarici konfrans və konqreslərdə (Macarıstan, Rumıniya), Ümumdünya fizioloqlar konqreslərində (Münhen, Dehli) ali sinir fəaliyyətinə həsr olunmuş Ümumdünya konqresində (Praqa), Eksperimental nevroz simpoziumunda (Berlin) və beynin inteqrativ fəaliyyəti (Veymar) XVII Beynəlxalq fizioloji elmlər konqresində (Budapeşt), “İnterbeyin” xətti ilə III Beynəlxalq simpoziumu UNESCO-nun beyin tədqiq edilməsi üzrə təşkil edilmiş I Ümumdünya konqresində (İsveçrə, Lozanna) və s. təqdim olunmuşdur. Onun rəhbərliyi altında aparılan işlər qida emosiya və motivasiyasında iştirak edən limbik sistemin sinir və neyrokimyəvi mexanizmləri haqqında tamamilə təzə və maraqlı elmi mülahizələrin yürüdülməsinə imkan vermişdir.

Hüseyn Həsənov Azərbaycan Fizioloqlar Cəmiyyətinin sədri, Biologiya elmləri üzrə şöbənin akademik katibinin müavini, Azərbaycan Elmlər Akademiyası redaksiya-nəşriyyat şurasının sədr müavini, A. Qarayev adına Fizioloqlar Cəmiyyəti Assosiasiyasının üzvü, K.Bıkov adına mükafatın ekspert komissiyasının üzvü, “Ali sinir fəaliyyəti” keçmiş SSRİ fizioloji jurnalının redaksiya heyətinin üzvü, Azərbaycan Ensiklopediyası redaksiya heyətinin üzvü idi. O, 300-dən artıq elmi iş və 5 monoqrafiyanın, mərkəzi sinir sisteminin fiziologiyasına aid dərsliyin, eləcə də 2 kitabçanın müəllifi olmuşdur.

Onun rəhbərliyi altında 5 doktorluq və 40-dan artıq elmlər namizədi dissertasiya müdafiə etmişdir. O, elmi nailiyyətlərinə görə Azərbaycan SSR Dövlət mükafatına (1972), Əməyə görə XTNS-nin bürünc medal və diplomuna (1972), “Şərəf nişanı” (1982) ordeninə layiq görülmüşdür.

H.Həsənov 1978-ci ildən Azərbaycanı UNESCO-da “Beyin öyrənilməsi” üzrə beynəlxalq təşkilatda təmsil etmiş və 1989-cu ildə Nyu-York Akademiyasının həqiqi üzvü seçilmişdir.

Akademik H.Həsənov 1995-ci ildə vəfat etmişdir. II Fəxri Xiyabanda dəfn olunmuşdur.

Mənbə:
Əsgər Zeynalov, İrəvan ziyalıları (Bakı: Oğuz eli, 1999)