Hünüt

Hünüt (Hunud) – keçmiş Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, sonralar keçmiş Qafan rayonunda, hazırda isə Sünik vilayətində kənd. Vilayət mərkəzi Qafan şəhərindən 15 km şimal-şərqdə yerləşir. Kəndin adı “Hunud” formasında da qeyd edilir.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra azərbaycanlı əhali tədricən kəndi tərk etmişdir. Burada 1988-ci ildə 120 nəfərə yaxın azərbaycanlı yaşayırdı. Onlar 1988-ci ilin noyabr ayında ermənilər tərəfindən deportasiya edilmişdir.

1921-ci il avqustun 31-də Sovet Ermənistanında Zəngəzur qəzasının yaradılmasından sonra yaşayış məntəqəsi Ermənistanın inzibati ərazisinə daxil edilmişdir.

Toponim qədim türk mənşəli “hun” etnoniminə türk dilində cəmlik bildirən “-ud” şəkilçisinin artırılması əsasında əmələ gələn etnotoponimdir.

Yerləşdiyi koordinatlar: 39°15′ şm. e., 46°23′ ş. u.