Hostun

Hostun – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Alagöz çayının sahilində, Həsənkənd və Alagöz kəndləri arasında yerləşirdi.

Kənddə 1873-cü ildə 61 nəfər, 1886-cı ildə 94 nəfər, 1897-ci ildə 126 nəfər, 1904-cü ildə 125 nəfər, 1914-cü ildə 137 nəfər, 1916-cı ildə 146 nəfər, 1919-cu ildə 58 nəfər (1918-ci ildə baş verən erməni təcavüzündən sonra) yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Kəndə xaricdən köçürülmüş ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar öz doğma yurdlarına qayıda bilmişdilər. Burada ermənilərlə yanaşı 1922-ci ildə 29 nəfər, 1926-cı ildə 19 nəfər, 1931-ci ildə 43 nəfər azərbaycanlı yaşamışdır. Kənd 1940-cı illərdə ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “çay ağızı, mənsəb” mənasında işlənən “os” sözü ilə türk dilində “bağlı, sərbəst çıxışı olmayan” mənasında işlənən “tun” sözünün birləşməsindən əmələ gəlmişdir.