Hors

Hors – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 24 km şimal-qərbdə, Hors dərəsindən axan çayın yanında, dəniz səviyyəsindən 1660 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Xors” kimi qeydə alınmışdır. Bu qədim azərbaycanlı kəndində XII–XIV əsrlərə aid çoxlu tarixi abidələr, Alban kilsəsinin qalıqları, oğuz qəbiristanlığı, qədim Oral Malux və Quşxana kəndlərinin binalarının qalıqları (XIII–XIV əsrlər) vardır.

Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 649 nəfər, 1886-cı ildə 904 nəfər, 1897-ci ildə 1136 nəfər, 1904-cü ildə 971 nəfər, 1914-cü ildə 958 nəfər, 1916-cı ildə 1337 nəfər, 1919-cu ildə 664 nəfər yalnız azərbaycanlı yaşamışdır. Kənd sakinləri olan azərbaycanlılar 1919-cu ilin sonlarında erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq tamamilə qovulmuşdur. Kəndə İrandan köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kənd sakinlərindən sağ qalan azərbaycanlılar öz doğma yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 192 nəfər, 1926-cı ildə 172 nəfər, 1931-ci ildə 234 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşdur. Hazırda kənddə ermənilər yaşayır.

Toponim “xors” (hors) türk etnonimi əsasında əmələ gəlmişdir. Azərbaycan dilində “q~x~h” səs əvəzlənməsi qanunauyğun haldır. “Xors” (hors) etnonimi “qors”, “xoros”, “xurs” formalarında da qeyd edilir.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 39°51′ şm. e., 45°13′ ş. u.