Horbadığ – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 20 km şimalda, Erdəpin kəndinin yaxınlığında, dəniz səviyyəsindən 1880 m hündürlükdə yerləşir. Kəndin adı erməni müəlliflərinin əsərlərində “Xorvadeğ” formasında da qeyd edilir.
Kənddə 1831-ci ildə 35 nəfər, 1873-cü ildə 263 nəfər, 1886-cı ildə 342 nəfər, 1897-ci ildə 406 nəfər, 1904-cü ildə 592 nəfər, 1914-cü ildə 651 nəfər, 1916-cı ildə 503 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq kəndin köklü sakinləri olan azərbaycanlılar deportasiya olunmuş və kəndə xaricdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar öz yurdlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı 1922-ci ildə 38 nəfər, 1926-cı ildə 65 nəfər, 1931-ci ildə 100 nəfər azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin əhalisi zorla Azərbaycana köçürülmüşdür. Hazırda burada ermənilər yaşayırlar.
Kəndin adı türk dilində “çuxur, xəndək”, “yarğan” mənalarında işlənən “or” sözü ilə, fars dilində “kənd, qışlaq” mənasında işlənən “değ” (dex) sözünün birləşməsindən əmələ gəlmişdir. Türk dilində “yarğan, çuxur”, “xəndək” mənasında işlənən “or” (hor) sözü erməni dilində “xor”, “xorf” formalarında işlənir. Toponimin əvvəlindəki “h” samiti əlavə edilmiş səsdir. “Or” (hor) və “değ” sözlərinin arasındakı “ba” isə bitişdiricidir.
Hazırda erməni dilindəki rəsmi sənədlərdə yaşayış məntəqəsinin adı “Horbateğ” kimi yazılır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°53′ şm. e., 45°20′ ş. u.