Heşin

Heşin – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Keşişkənd (Yeğeqnadzor) rayonunun, hazırkı Vayotsdzor vilayətinin ərazisində mövcud olmuş kənd. Keşişkənd (Yeğeqnadzor) yaşayış məntəqəsindən 14 km şərqdə, Yelpinçayın sağ qolu olan Heşin çayının sahilində yerləşirdi. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 62 nəfər, 1873-cü ildə 174 nəfər, 1886-cı ildə 272 nəfər, 1897-ci ildə 229 nəfər, 1904-cü ildə 237 nəfər, 1914-cü ildə 260 nəfər, 1916-cı ildə 311 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qalaraq kənddən qovulmuşlar. Yalnız indiki Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişdilər. Burada 1922-ci ildə 116 nəfər, 1926-cı ildə 136 nəfər, 1931-ci ildə 164 nəfər yalnız azərbaycanlı yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən kəndin azərbaycanlı əhalisi zorla Azərbaycana deportasiya edilmişdir. Deportasiya edilənlərin bir qismi sonradan doğma kəndlərinə qayıda bilmişdi. Bundan sonra kənd ləğv edilmişdir. Hazırda xarabalıqdır.

Toponim türk dilində “yaşayış məntəqəsi” mənasında işlənən “keş” (heş) sözünə, türk dilində “daxma, koma, mağara” mənasında işlənən “in” sözünün birləşməsi əsasında əmələ gəlmişdir.