Herher – keçmiş İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, sonralar keçmiş Paşalı (Əzizbəyov, Vayk) rayonunda, hazırda isə Vayotsdzor vilayətində kənd. Vilayət mərkəzi Keşişkənd (Yeğeqnadzor) şəhərindən 32 km şərqdə, Arpaçayın sağ qolu olan Herherçayın yanında, dəniz səviyyəsindən 1680 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Hərhər” kimi, Qafqazın beşverstlik xəritəsində “Qerqer” (Herher) formasında qeydə alınmışdır. Kənddə albanlara məxsus məbəd 1291-ci ildə tikilmişdir.
Burada 1831-ci ildə 213 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1850–1870-ci illərdə kəndə İranın Səlmas vilayətindən köçürülmüş ermənilər yerləşdirilmişdir. Burada ermənilərlə yanaşı, 1873-cü ildə 647 nəfər, 1886-cı ildə 656 nəfər, 1897-ci ildə 1047 nəfər, 1914-cü ildə 1220 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələri təcavüzünə məruz qalaraq azərbaycanlılar deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalanlar tarixi-etnik torpaqlarına qayıtmışlar. Burada 1922-ci ildə 156 nəfər, 1926-cı ildə 220 nəfər, 1931-ci ildə 278 nəfər azərbaycanlı yaşamışdır. SSRİ hökumətinin xüsusi qərarı ilə kənddə yaşayan azərbaycanlılar 1948–1953-cü illərdə zorla Azərbaycana köçürülmüşlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim Strabonun “Coğrafiya” əsərində adı çəkilən qarqar tayfasının adı əsasında formalaşmışdır. Qarqar tayfası qədim türk tayfalarından biridir. “Qarqar” etnonimindəki “q” səsi “h” səsinə keçərək “Herher” formasını almışdır. “Q~h” səs əvəzlənməsi Azərbaycan dilində qanunauyğun haldır: qamu-hamı, qansı-hansı sözlərindən “q~h” səs əvəzlənməsi özünü aydın şəkildə göstərir. Toponim qarqar türk tayfasının fonetik forması kimi Azərbaycan dilində işlənən “herher” etnonim əsasında əmələ gəlmişdir.
“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Vayotsdzor vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 39°46′ şm. e., 45°32′ ş. u.