Heydərli

Heydərli (Haydarlı) – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayətdəki Hallavar kəndindən 2 km şimal-qərbdə, Hallavar və Böyüksu adlanan kiçik çayların sahilində, dəniz səviyyəsindən 1600 m hündürlükdə yerləşir. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 26 nəfər, 1873-cü ildə 158 nəfər, 1886-cı ildə 175 nəfər, 1897-ci ildə 265 nəfər, 1908-ci ildə 357 nəfər, 1914-cü ildə 461 nəfər, 1916-cı ildə 343 nəfər, 1919-cu ildə 1328 nəfər azərbaycanlı yaşamışdır. 1919-cu ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq azərbaycanlılar kənddən deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlılardan sağ qalanlar tarixi torpaqlarına qayıda bilmişlər. Burada 1922-ci ildə 294 nəfər, 1926-cı ildə 324 nəfər, 1931-ci ildə 398 nəfər, 1939-cu ildə 496 nəfər, 1959-cu ildə 448 nəfər, 1970-ci ildə 994 nəfər, 1987-ci ildə 1350 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə noyabr–dekabr aylarında azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişlər.

Toponim heydərli tayfa adı əsasında yaranmışdır.

“Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°47′ şm. e., 44°23′ ş. u.