Haxıs

Haxıs – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Əştərək (Aştarak) rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 7 km şimal-qərbdə, dəniz səviyyəsindən 1250 m hündürlükdə yerləşir. 1590-cı il tarixli “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə “Əxis” kimi, Qafqazın beşverstlik xəritəsində “Axis” formasında qeydə alınmışdır.

Kənddə 1831-ci ildə 93 nəfər, 1873-cü ildə 182 nəfər, 1886-cı ildə 302 nəfər, 1897-cı ildə 404 nəfər, 1908-ci ildə 365 nəfər, 1914-cü ildə 920 nəfər, 1918-ci ildə 365 nəfər, 1919-cu ildə 997 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1919-cu ilin sonlarında azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kəndə Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar ata-baba torpaqlarına qayıda bilmişdilər. Ermənilərlə yanaşı burada 1922-ci ildə 20 nəfər, 1926-cı ildə 18 nəfər azərbaycanlı yaşamışdır. 1928–1929-cu illərdə azərbaycanlılar tamamilə qədim torpaqlarından qovulmuşlar. Hazırda orada ermənilər yaşayırlar.

Toponim “çay ağzı, mənsəbi”, “keçid” mənasında işlənən “ağıs”, “axız” (→aqis→haxis→haxıs) sözü əsasında əmələ gəlmişdir. Toponimin əvvəlindəki “h” səsi səsartımı hadisəsi nəticəsində sözə əlavə edilmişdir və toponim tələffüz formasına uyğun qeydə alınmışdır. Azərbaycan dilində saitlə başlanan bəzi sözlərə tələffüzdə “h” samitinin artırılması qanunauyğun haldır (araba-haraba, açar-haçar, elə-helə).

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1949-cu il tarixli fərmanı ilə adı dəyişdirilərək “Dzorab”, Ermənistan prezidentinin 3 aprel 1991-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Ağtsk” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°18′ şm. e., 44°15′ ş. u.