Hamamlı

Hamamlı – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Hamamlı (Spitak) rayonunda, hazırda isə Lori vilayətində “Spitak” adlanan şəhər. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 15 km qərbdə, Pəmbək çayının yuxarı axarında, dəniz səviyyəsindən 1530 m hündürlükdə yerləşir. 1801-ci ildə Rusiya tərəfindən işğal edilmiş Pəmbək-Şörəyel distansiyasına daxil edilmişdir. XIX əsrdə yeni yaradılan inzibati ərazi bölgüsünə əsasən İrəvan quberniyasının Aleksandropol qəzasının tərkibinə verilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra Lori-Pəmbək qəzasına daxil olmuşdur. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1937-ci il dekabrın 31-də eyniadlı rayon yaradılmışdır.

Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir. 1937-ci ilə kimi Qarakilsə (Quqark) rayonunun tərkibində olmuşdur.

Hamamlı toponimi Hamam şəxs adına mənsubluq bildirən “-lı” şəkilçisinin artırılması əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26 sentyabr 1949-cu il tarixli fərmanı ilə şəhərin adı dəyişdirilərək “Spitak” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°50′ şm. e., 44°16′ ş. u.