Hacılar – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 28 km şimal-şərqdə, Kasax çayının sol sahilində, dəniz səviyyəsindən 900 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra 1828–1829-cu və illərdə bura İranın Maku, Xoy və Səlmas vilayətlərindən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. Kənddə ermənilərlə yanaşı 1831-ci ildə 61 nəfər, 1873-cü ildə 112 nəfər, 1886-cı ildə 144 nəfər, 1897-ci ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1904-cü və 1914-cü illərdə kənddə yaşayan azərbaycanlılar və ermənilər ümumi şəkildə göstərilmişdir. 1918-ci ildə kənddə 248 nəfər azərbaycanlı yaşamışdır. Kənddə yaşayan azərbaycanlılar 1919-cu ildə erməni silahlı birləşmələrinin təcavüzünün qurbanı olaraq tarixi-etnik torpaqlardan deportasiya olunmuşdur. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra – 1922-ci ildə burada 7 nəfər azərbaycanlı yaşamışdır. 1923-cü ildə onlar yenidən ata-baba torpaqlarından qovulmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim kəngərli türk tayfasından olan “hacılar” etnonimindən əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndinadıdəyişdirilərək “Mrqastan” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°12′ şm. e., 44°16′ ş. u.