Hacı Xəlil – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Abaran rayonunda, hazırda isə Araqatsotn vilayətində kənd. 1972-ci ildən keçmiş Alagöz (Araqats) rayonunun tərkibində olmuşdur. Vilayət mərkəzi Əştərək (Aştarak) şəhərindən 51 km şimal-qərbdə, Alagöz dağının ətəyində, Düzkənd kəndinin yaxınlığında, dəniz səviyyəsindən 2100 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə bu kəndin Abaran nahiyəsində yerləşdiyi göstərilir.
Bu kəndin sakinləri azərbaycanlılar olmuşdur. Türkmənçay müqaviləsindən sonra, 1830-cu illərdə xaricdən köçürülüb gətirilən ermənilər bu kənddə yerləşdirilmişlər.
Toponim Hacı Xəlil şəxs adı əsasında formalaşmış antropotoponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 15 iyul 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Tsaxkahovid” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Araqatsotn vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°38′ şm. e., 44°13′ ş. u.