Hacı Qara

Hacı Qara – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Üçkilsə (Eçmiədzin, Vağarşapat) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 32 km şimal-şərqdə, Abaran çayının sahilində, dəniz səviyyəsindən 950 m hündürlükdə yerləşir. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Hacı Qaralı kimi, Qafqazın beşverstlik xəritəsində Hacı Qara formasında qeydə alınmışdır.

Kənddə 1828-ci ilə kimi azərbaycanlılar yaşamışdır. Ermənilər bura Türkmənçay müqaviləsindən sonra, 1829-cu ildə İranın Xoy vilayətindən köçürülmüşdür. Burada ermənilərlə yanaşı 1831-ci ildə 27 nəfər, 1897-ci ildə 8 nəfər azərbaycanlı yaşamışdır. Azərbaycanlılar XX əsrin əvvəllərində erməni silahlı birləşmələri tərəfindən tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. Hazırda kənddə ermənilər yaşayır.

Toponim Qara Hacılı türk etnoniminin əsasında əmələ gəlmişdir.

Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Aygeşad” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°14′ şm. e., 44°17′ ş. u.