Hacı Qara – keçmiş İrəvan quberniyasının Aleksandropol qəzasında, sonralar keçmiş Böyük Qarakilsə (Quqark) rayonunda, hazırda isə Lori vilayətində kənd. Vilayət mərkəzi Böyük Qarakilsə (Vanadzor) şəhərindən 5 km şimal-qərbdə, Pəmbək çayının sağ sahilində, dəniz səviyyəsindən 1550 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə, Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.
Kənddə əvvəlcə azərbaycanlılar yaşamış, ermənilərin bölgədə məskunlaşdırılmasından sonra əhalisi kəndi tədricən tərk etmişdir.
Toponim Azərbaycan dilində nəsil adı bildirən “Hacı” sözü ilə Qara şəxs adından əmələ gəlmişdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 1 mart 1946-cı il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Makaraşen”, 26 oktyabr 1957-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Lernapat” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°49′ şm. e., 44°23′ ş. u.