Hacı Muxan

Hacı Muxan – keçmiş İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, sonralar keçmiş Kəvər (Yeni Bəyazid, Kamo) rayonunda, hazırda isə Geğarkunik vilayətində kənd. Vilayət mərkəzi Kəvər (Qavar) şəhərindən 18 km şimal-qərbdə, Göyçə gölünün sahilində, dəniz səviyyəsindən 1920 m hündürlükdə yerləşir. Kəndin ilk adı “Hacı Mumuxan” olmuşdur. Qafqazın beşverstlik xəritəsində qeydə alınmışdır.

Kənddə 1876-cı ildə 437 nəfər, 1886-cı ildə 610 nəfər, 1897-ci ildə 882 nəfər, 1904-cü ildə 1034 nəfər, 1914-cü ildə 1080 nəfər, 1916-cı ildə 1255 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin hücumuna və kütləvi qırğınlarına məruz qoyulmaqla kənddən qovulmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma kəndlərinə dönmüşdülər. Kənddə Kəvər (Yeni Bəyazid, Kamo) və Qaranlıq (Martuni) rayonlarındakı kəndlərdən köçürülüb gətirilən ermənilər yerləşdirilmişdir. 1922-ci ildə burada 100 nəfər azərbaycanlı, 339 erməni, 1926-cı ildə 115 nəfər azərbaycanlı, 682 nəfər erməni, 1931-ci ildə 195 nəfər azərbaycanlı, 1064 erməni yaşamışdır. 1948–1953-cü illərdə azərbaycanlılar zorla kənddən köçürülmüşdür. Hazırda kənddə yalnız ermənilər yaşayırlar.

Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Toponimin ikinci komponentinin ilk hecası (“mu”) ixtisar edilmiş və mənbələrdə “Hacı Muxan” kimi qeydə alınmışdır.

Kəndin adı 1924-cü ildə dəyişdirilərək “Muxan” qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25 yanvar 1978-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək kənd “Tsovazard” adlandırılmışdır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Geğarkunik vilayətinin inzibati ərazisinə daxil edilmişdir.

Yerləşdiyi koordinatlar: 40°28′ şm. e., 45°02′ ş. u.