Hacı Elyaz – keçmiş İrəvan quberniyasının İrəvan qəzasında, sonralar keçmiş Zəngibasar (Masis) rayonunda, hazırda isə Ararat vilayətində kənd. Vilayət mərkəzi Qəmərli (Artaşat) şəhərindən 23 km şimal-qərbdə, dəniz səviyyəsindən 840 m hündürlükdə yerləşir. “İrəvan əyalətinin icmal dəftəri”ndə “Hacı İlyas” formasında, Qafqazın beşverstlik xəritəsində “Hacı Eylyaz” formasında qeydə alınmışdır. Erməni müəlliflərinin əsərlərində kəndin adı “Hacı Eylaz”, “Eylas” formalarında qeyd edilir. Kəndin adı xalq arasında “Hacı Elləz” formasında işlədilirdi.
Kənddə 1831-ci ildə 445 nəfər, 1873-cü ildə 1095 nəfər, 1886-cı ildə 1073 nəfər, 1897-ci ildə 1457 nəfər, 1908-ci ildə 1097 nəfər, 1914-cü ildə 1187 nəfər, 1916-cı ildə 1467 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq deportasiya olunmuş, kənddə Türkiyədən köçürülmüş ermənilər yerləşdirilmişdir. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra sağ qalan azərbaycanlılar doğma yurdlarına qayıda bilmişdilər. 1922-ci ildə 582 nəfər azərbaycanlı, 71 erməni, 1926-cı ildə 586 nəfər azərbaycanlı, 50 erməni, 1931-ci ildə 680 nəfər azərbaycanlı, 9 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar zorla Azərbaycana köçürülmüş, kənddə İran, Livan, Suriya, Türkiyədən köçürülüb gətirilən ermənilər yerləşdirilmişlər. Hazırda kənddə ermənilər yaşayırlar.
Toponim şəxs adı əsasında əmələ gəlmişdir. Kəndin adı dəyişdirilərək İpəkli qoyulmuşdur.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 4 aprel 1946-cı il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Masis sovxozu” qəsəbəsi adlandırılmışdır. Hazırda “Darakert” adlanır. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Lori vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°06′ şm. e., 44°24′ ş. u.