Hacı Bayram – keçmiş İrəvan quberniyasının Eçmiədzin qəzasında, sonralar keçmiş Qurduqulu (Hoktemberyan) rayonunda, hazırda isə Armavir vilayətində kənd. Vilayət mərkəzi Sərdarabad (Armavir) şəhərindən 39 km cənub-qərbdə, Araz çayının yanında, dəniz səviyyəsindən 990 m hündürlükdə yerləşir. 1728-ci ildə tərtib edilmiş “İrəvan əyalətinin icmal dəftəri”ndə “Hacı Bayram qışlağı” formasında, Qafqazın beşverstlik xəritəsində “Hacı Bayram” kimi qeyd olunmuşdur.
Kənddə 1831-ci ildə 332 nəfər, 1873-cü ildə 447 nəfər, 1886-cı ildə 434 nəfər, 1897-ci ildə 476 nəfər, 1908-ci ildə 436 nəfər, 1914-cü ildə 815 nəfər, 1916-cı ildə isə 444 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni silahlı birləşmələrinin təcavüzünə məruz qalaraq sakinləri – azərbaycanlılar tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşlar. İndiki Ermənistan ərazisində sovet hakimiyyəti qurulduqdan sonra kəndi tərk etmiş azərbaycanlılar ata-baba yurdlarına qayıda bilmişdilər. Burada 1922-ci ildə 325 nəfər azərbaycanlı, 1926-cı ildə 334 nəfər azərbaycanlı, 13 erməni, 1931-ci ildə 403 nəfər azərbaycanlı, 8 erməni yaşamışdır. SSRİ Nazirlәr Sovetinin “Kolxozçuların vә digәr azәrbaycanlı әhalinin Ermәnistan SSR-dәn Azәrbaycan SSR-in Kür-Araz ovalığına köçürülmәsi haqqında” 23 dekabr 1947-ci il tarixli qərarına əsasən azərbaycanlılar 1948–1949-cu illərdə zorla tarixi-etnik torpaqlarından Azərbaycana deportasiya olunmuşlar. Hazırda kənddə ermənilər yaşayırlar.
Kənd Hacı Bayram adlı şəxs tərəfindən salındığı üçün Hacı Bayram kəndi adlanmışdır.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3 yanvar 1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək “Baxçalar”, 3 iyul 1968-ci il tarixli fərmanı ilə yenidən dəyişdirilərək “Baqaran” qoyulmuşdur. “Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında” 7 noyabr 1995-ci il tarixli Qanuna əsasən Armavir vilayətinin inzibati ərazisinə daxil edilmişdir.
Yerləşdiyi koordinatlar: 40°08′ şm. e., 43°39′ ş. u.